AİLƏ BAYRAMI
Paylaş:
15 may Beynəlxalq Ailə Günü münasibəti ilə regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tədbir keçirmişdir. Bu münasibətlə Goranboy və Hacıqabul UADM məktəb müəllimlərinin, mərkəzdən bəhrələnən uşaq və valideynlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir. Tədbirdə xalqımızın qədim ailə mədəniyyətinə malik olmasından, milli mənəvi dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsində ailənin rolundan, ailədə böyüklərə hörmət kiçiklərə qayğı hissinin müqəddəsliyindən danışılmışdır. Tədbir iştirakçıları müzakirələrə qoşularaq öz münasibətlərini bildirmişlər.
Zərdab və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi isə Beynəlxalq Ailə Günü münasibətilə rayonun məktəbliləri arasında “Mənim ailəm” mövzusunda inşa müsabiqəsi elan etmişdir. Qaliblərə fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilmişdir. Azərbaycanın ailə dəyərlərinin, ailədə uşaqlara göstərilən qayğı və diqqətin gözəl təsvir edildiyi yazılar rayon qəzetində çap edilmişdir.