“Fövqəladə vəziyyətlərdə qadınlara yönəlik yanaşma” mövzusunda təlim keçirilib
Paylaş:
Birləşmiş Millətlər Təşkilatının CEDAW – Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının öhdəliklərindən irəli gələn tövsiyələrdən biri də fövqəladə hallar zamanı qadın və uşaqları nəzərdə tutan xüsusi yanaşmaların həyata keçirilməsidir. Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi ilə birgə Respublikanın fövqəladə hallara həssas olan bölgələrində, o cümlədən Zaqatala, Sabirabad, Suraxanı rayonlarında icma qadınları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
2014-cü ilin avqust ayının 21-də Sabirabad rayonunun Kürkəndi və Ulacalı kəndində təlimlər keçirilmişdir. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin, Sabirabad İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı iştirak etmişlər. Komitə əməkdaşı tərəfindən keçirilən təlimin aktuallığı vurğulanmış, ekstremal situasiyalarda insanların davranış reaksiyaları və onların psixi sağlamlığının qorunması məsələlərindən danışılmış, psixoloji məsləhətlər verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən nazirliyin fəliyyəti ilə bağlı video-çarx və fövqəl hallarda təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı prezentasiya nümayiş olunmuş, zəlzələ, su daşqınlar, yanğın eləcə də digər ekstremal situasiyalar və fərdi təhlükəsizlik qaydaları haqqında geniş təlimat verilmişdir.
Ümumilikdə 40 nəfərə qədər qadının iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı təlimatlar verilmişdir.