“15 may Beynəlxalq Ailə günü” ərəfəsində silsilə tədbirlərə start verilmişdir

15 may 2015

Paylaş:

Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsi kimi 2008-cı ildən etibarən Komitəmiz tərəfindən BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq “Beynəlxalq Ailə günü” münasibəti ilə silsilə tədbirlər və yekun olaraq 15 may tarixində “Ailə Bayramı” təntənə ilə qeyd edilir.

Silsilə tədbirlər ərəfəsindətədbirlər planına əsasən respublikamızın bütün bölgələrində rayon və şəhər icra hakimiyyətləri tərəfindən cəmiyyət üzvləri arasında (yuxarı sinif şagirdləri üçün müsabiqələr, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə adaptasiyası məqsədilə tədbirlər, maarifləndirici konfranslar) müxtəlif tədbirlərin həmçinin,Komitə tərəfindən 8 may 2015-ci il tarixində “Gələcək hamı üçün” adlı aksiya çərçivəsində Mərdəkan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial müəssisədə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, 7 il ərzində “Ailə Bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki və Abşeron rayonunda keçirilmişdir. Növbəti “Ailə bayramı” 15 may 2015-ci il tarixində Şəmkir rayonunda keçiriləcəkdir.