“Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” adlı dəyirmi masa keçiriləcək

29 may 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq məqsədilə  cari ilin noyabr ayında uşaqların iştirakı ilə Bakı şəhərində Azərbaycan Uşaqlarının IV Forumunun keçirilməsini nəzərdə tutmuşdur. Forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə cari ilin mart-aprel aylarında regional görüşlər keçirilmiş və uşaq hüquqları sahəsində bilikləri olan, fəal uşaqların seçimi aparılmışdır. Foruma qədər müddətdə həmin uşaqların uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə müxtəlif tədbir və təlimlərdə iştirakı nəzərdə tutulmuşdur.

İlk olaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, saat 12:00-da, Milli Məclisin konfrans zalında Foruma seçilmiş uşaqlardan bir qrupunun iştirakı ilə parlament üzvləri ilə birgə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” adlı dəyirmi masa keçiriləcəkdir.

Tədbir saat 11:00-dan etibarən tədbir keçirilən məkanda uşaqların əl işlərindən ibarət sərgiyə baxışdan sonra başlayacaqdır. Dəyirmi Masada uşaqlar müxtəlif mövzular ətrafında – “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, “Uşaqlar üçün bərabər imkanlar”, “Uşaqlara qarşı  fiziki cəzalara son qoyaq”, “Asudə vaxt bizim üçün dəyərlidir”, “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında təqdimatlarla çıxış ediləcək, parlament üzvləri ilə müzakirə təşkil ediləcəkdir.