Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilib

20 noyabr 2014

Paylaş:

17-18 dekabr 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Uşaqlarının I Forumu keçirilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və NUR Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil edilən forum Azərbaycanda 2009-cu il - Uşaq İlinin yekunlarına həsr olunmuşdur.

56 rayon və şəhərdən 250 uşağın qatıldığı forumda Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təbrik məktubu oxunub. Məktubda bildirilir ki, uşaqlar cəmiyyətin ən zərif hissələridir, hazırda Azərbaycanda uşaqların sağlam mühitdə, yüksək təhsil şəraitində böyüməsi üçün hər cür imkan yaradılır: “Azərbaycanda 2009-cu ilin “Uşaq ili” elan olunmasında məqsəd hər bir uşağa öz istedad və potensialını tam şəkildə reallaşdırmaq imkanı yaratmaqdır”.Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycanda uşaq hüquqlarının təmin olunması sahəsində görülən işlərdən danışıb: “Forumun keçirilməsi yalnız uşaqların deyil, ölkənin həyatında mühüm hadisədir. Çünki bu forum uşaqlarla bağlı problemləri onların özlərinin iştirakı ilə müzakirə etməyə imkan verir”.

E.Əfəndiyev bildirib ki, forumla 2009-cu il “Uşaq ili”nə yekun vurulur: “Uşaq problemlərinin həlli, onların hüquq və azadlıqlarının tam təmin olunması, uşaq ölümü hallarının azaldılması, xəstəliklərin profilaktikası, uşaqlara sağlam və daha intellektual mühitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, çoxuşaqlı ailələrə, valideyn himayəsindən mərhum olan uşaqlara dövlət qayğısı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda uşaq problemlərinin həllinə yönələn 30-dan çox dövlət proqramı həyata keçirilir. Hökumət uşaqlarla bağlı BMT-nin müvafiq komitəsinə 4 dövrü hesabat təqdim edib. Hazırda uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması üçün işlər görülür”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycan uşaqları zamanın tələblərinə cavab verən inkişaf səviyyəsinə malikdirlər. Onun fikrincə, təhsil sistemi uşaqların yaxşı təhsil almasına imkan verir: “Azərbaycan Konstitusiyası, “Uşaq hüquqları haqqında” qanun da daxil olmaqla parlamentin qəbul etdiyi 70-ə yaxın qanun bilavasitə və ya dolayısı ilə ölkədə uşaq hüquqlarını qoruyur. Milli Məclisdə uşaq hüquqları ilə bağlı 15-dək beynəlxalq konvensiya təsdiqlənib”.

Forumda Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva uşaqlara göstərdiyi qayğıya və bu sahədə gördüyü işlərə görə “Qızıl ürək” mükafatı ilə təltif olunub.

2 gün davam edən tədbirin ilk günü uşaqlardan ibarət işçi qruplar yaradılmış, iştirakçıların təklifləri dinlənlənilmişdi. Forum ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqların hüquq və mənafelərinin qorunmasına cəlb etmək kimi ümdə vəzifəni qarşıya məqsəd olaraq qoyur.

I Forum zamanı 2009-cu ilin Uşaq İli elan olunmasının vacibliyi və əhəmiyyəti vurğulanmış, uşaqların mövcudluğu, müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələr, qarşıya çıxan maneələr, mövcud problemlər və zəruri tədbirlər nəzərdən keçirilmişdir. Sonda Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsinin qəbul edilmişdir. Tədbirin sonunda forum iştirakçılarının prezident İlham Əliyevə müraciəti və yekun bəyannamə qəbul olunmuşdur.