“Yeddi” Sənədli Pyesinin təqdimatı keçirilib
Paylaş:
20 iyun 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avrasiya Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə "Yarat" Müasir İncəsənət Mərkəzində "Yeddi” Sənədli Pyesinin təqdimatı keçirilib.
Tədbir İsveç İnstitutunun və İsveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirdə dövlət xadimləri, qeyri - hökumət təşkilatları və tələbələr iştirak ediblər. Tədbirin məqsədi dünyada qadınlara qarşı törədilən ayrı - seçkiliyə və məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsindən ibarətdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək bildirib ki, gender bərabərliyini və qadın hüquqlarının müdafiəsini təbliğ edən “Yeddi nəfər səfərdə” adlı beynəlxalq kampaniyanın tərkib hissəsi olan “Yeddi” sənədli pyesinin Bakıda təqdimatının keçirilməsi önəmli hadisədir. Pyesdə hər bir qadın bir ölkənin nümayəndəsidir.
Komitə sədri qeyd edib ki, Gender bərabərliyi qadın və kişinin balanslı şəkildə təmsil olunmasıdır. Qadınlara qarşı hər hansı zorakılıq yol verilməzdir, hətta bir hadisə olsa belə : "Qeyd edim ki, Azərbaycan mentalitetində, mədəniyyətində, adət-ənənələrində, milli dəyərlərində ailənin hər bir üzvünə, xüsusən də qadına, anaya həmişə hörmət və qayğı olub və indi var. Düşünürəm ki, bəzi yalnış təsəvvür və stereotiplər məişət zorakılığının, o cümlədən, gender əsaslı zorakılığın yaranmasına səbəb ola bilər. Buna görə də qanunların qəbulu və milli qanunvericiliyin təkmilləşməsi ilə yanaşı, onların hərtərəfli və düzgün implementasiyası da çox vacibdir"
Hicran Hüseynova diqqətə çatdırıb ki, İnsanların, xüsusi ilə də, kişilərin təfəkkürlərində, düşüncələrində dəyişiklik yaratmaq üçün müxtəlif maarifləndirici kampaniyaların mühüm əhəmiyyəti vardır: "Komitə gender bərabərliyini və qadın və uşaq hüquqlarının müdafiəsini təbliğ edən bir sıra layihələr həyata keçirir. Bunlardan biri də, Avrasiya Əməkdaşlıq Fondu ilə birgə təşkil etdiyimiz “Yeddi” Sənədli Pyesidir. Bu “Yeddi Nəfər Səfərdə” adlı beynəlxalq kampaniyanın tərkib hissəsidir. Mən bu pyesin hazırlanmasında zəhməti olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, “Yeddi” sənədli pyesi gender bərabərliyi, gender əsaslı zorakılığının qarşısı alnması sahəsində öz müsbət töhfəsini verəcəkdir".
İsveçin ölkəmizdəki səfiri xanım İnqrid Tersman deyib ki, “Yeddi” sənədli pyesi 2009-cu ildən bu günədək 20 dilə tərcümə olunub və 23 ölkədə 25 mindən çox insan tərəfindən izlənilib. Qadın parlamentarilərin və siyasətçilərin səsləndirdikləri pyesin tamaşaya qoyulmasında başlıca məqsəd qadın hüquq və azadlıqları kimi aktual bir mövzunun gündəmə gətirilməsi, bu barədə məlumatlılığın artırılması və ictimaiyyətin diqqətinin bu proseslərə cəlb edilməsi, habelə qadınların cəmiyyətdəki rolunun artırılmasına dair müzakirələrin stimullaşdırılmasıdır.
Pyes barədə məlumat verən səfir deyib ki, amerikalı qadınlar tərəfindən yazılmış “Yeddi” sənədli pyesi müxtəlif ölkələrdən olan yeddi qadının müsahibəsi əsasında yazılıb. Hər bir qadının danışdığı hadisə dünyada gender ədalətsizliyinə və qadınlara qarşı zorakılığa son qoymaq üçün bir çağırışdır.
Gender bərabərliyini və qadın hüquqlarının müdafiəsini təbliğ edən “Yeddi Nəfər Səfərdə” adlı beynəlxalq kampaniyanın tərkib hissəsini təşkil edən tədbirdə dünyanın müxtəlif ölkələrindən yeddi fəal qadının həyat hekayəsi Azərbaycanın tanınmış ictimai xadimləri tərəfindən səsləndirilib.
İsveç İnstitutunun YEDDİ üzrə layihə meneceri Anders Örn tamaşa ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, “Yeddi” sənədli pyesi hər dövrün, eləcə də, günümüzün ən aktual mövzularından biri olan qadın hüquq və azadlıqları ilə bağlı qlobal çağırışların edilməsi üçün unikal və effektiv vasitədir.
Tədbirin ikinci hissəsində ADO və Pantomim teatrı tərəfindən hazırlanmış qısa tamaşalar izlənilib.