Komitə sədri Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında çıxış edib
Paylaş:
İyunun 16-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işə başlayıb. Konfransda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovaölkəmizin 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb. Son illər Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan danışan ombudsman dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan Strateji Yol Xəritələrinin ölkəmizin yeni dövrün tələbləri əsasında daha sürətli inkişafını təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov konfransda çıxış edib. Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. Prezidenti köməkçisi Əli Həsənov vurğulayıb ki, bu dövr Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. İlk növbədə, yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir.Çıxışının sonunda Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ölkəmizdə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü vurğulayıb. O, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində ölkəmizdə zəruri qanunvericilik bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsində Milli Məclisin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Parlament sədrinin müavini bu istiqamətdə Azərbaycanda Milli Məclis ilə ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv dövlətləri insan hüquq və azadlıqlarının təmin olunmasına çağırır. Qeyd olunub ki, BMT-nin Azərbaycandakı ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirləri fəal şəkildə dəstəkləyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova bildirib ki, çox çətin hərbi və iqtisadi-siyasi vəziyyətə baxmayaraq, ötən 25 il müddətində ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial və iqtisadi siyasət bu gün yüksək səviyyədə inkişaf edir və ildən-ilə daha da güclənir. Hökumət ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır. Bu illər ərzində mili qanunvericilik bazası yaradılmış və təkmilləşdirilmiş, güclü dövlət Proqramları qəbul olunmuşdur. Nikah yaşının dəyişdirilməsi, tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi, yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyətin müəyyən edilməsi, valideyn məsuliyyətinin artırılması və bir sıra vacib məsələlərlə bağlı Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və digər Məcəllələrə əlavə və dəyişikliklər qəbul edilmişdir. Bu qanun və dövlət proqramları qadın və uşaq hüquqlarının müdafiəsi və ictimai həyatda fəal iştirakı üçün imkanları daha da genişləndirir. Xüsusi ilə diqqətinizə çatdırmaq istəyirəm ki “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsində Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub. Eləcə də onun təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr dövlət qadın və uşaq siyasətinin daha da güclənməsinə töhfədir.
Bütün bunlar bizə əsas verir ki, deyək ki, ölkə rəhbərinin “qara qızılın insan kapitalına” çevrilməsi ideyası artıq reallığa çevrilir. Mühüm sosial-iqtisadi layihələrin gerçəkləşməsi, yeni iş yerlərinin açılması, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, sahibkarlığın, xüsusən də, qadın sahibkarlığının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlər ölkəmizin inkişafını sürətləndirmiş və dünyada nüfuzunu daha da artırmışdır. Heç təsadüfi deyil ki, Dayanıqlı İnkişaf Məqsədlərini öz üzərinə götürən Azərbaycan Hökuməti çox operativ və aktiv şəkildə iş aparır. Gender bərabərliyi mexanizminin yaradılmasına və inkişafına nail olsaq da, qadın hüquqlarının yerinə yetirilməsində imkanların genişləndirilməsi və bütün qadın və qızların fəallığının artırılması qarşımızda hələ də bir vəzifə kimi dayanır. Gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi müstəqil məqsəd olaraq müəyyən edilmiş və məqsədə çatmaq üçün 9 hədəf göstərilmişdir. Bununla yanaşı, nəzərinizə çatdırım ki, 17 məqsədin demək olar ki, hamısında gender və uşaq hüquqları amili öz əksini tapır. Komitə sədri bildirib ki, cəmiyyətdə ailə institutunun daha da möhkəmləndirilməsi üçün müxtəlif maarifləndirmə kampaniyaları , “Ailə Bayram”ları keçirilir. Ölkədə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, idman, bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının daha da artırılması üçün xüsusi maarifləndirici iş aparılir. Sonda Hicran Hüseynova bildirib ki, konfransda aparılan müzakirələr öz müsbət nəticələrini verəcək və hüquq bərabərliyi sahəsində həm milli həm də qlobal prioritetlərin müəyyən edilməsində əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkənin bu sahədə qarşısında dayanan qlobal məqsədlərdən, xüsusi ilə ətraf mühitin mühafizəsi və milli- mədəni dəyərlərin qorunması istiqamətdə görülən işlərdən ətraflı məlumat verdi.
Konfrans öz işini panel iclaslarla davam etdirir. İki günlük konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.