1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” adlı tədbir keçirilib

1 iyun 2017

Paylaş:

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş uşaqların iştirakı ilə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət edilib. Daha sonra tədbir iştirakçıları Milli Məclisin foyesində Nizami rayonu Uşaq Yaradıcılıq Mərkəzinin uşaqlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş uşaqlar iştirak ediblər.

Əvvəlcə Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bu günün tarixi əhəmiyyətindən, ölkəmizin qoşulduğu beynəlxalq Konvensiyalar və qanunvericilik aktları barədə söz açmışdır. Bahar Muradova bildirib ki, ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Bu gün uşaqların ən böyük himayədarı olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədilə bir sıra proqramlar həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan hökumətinin uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaratdığını bildirərək, son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən söz açmışdır. Komitə sədri uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlərin önəmli olduğunu bildirib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin öz çıxışında uşaqların problemlərinin həllində onlarla dialoqun qurulmasının vacibliyini vurğulayıb. Edvard Karvardin Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib. O, qeyd edib ki, ölkəmizdə uşaq siyasəti uğurla həyata keçirilir.

Tədbirdə Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş uşaqların çıxışları dinlənilib. Uşaqlardan Flora Həmidzadə “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, Nigar Quliyeva “Uşaqlar üçün bərabər imkanlar”, Çingiz Qarayev “Uşaqlara qarşı fiziki cəzalara son qoyaq”, Orxan Yusifov “Asudə vaxt bizim üçün dəyərlidir”, Fatimə Aslanova “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında məruzə ediblər. İştirakçı Mədinə Hüseynzadə isə uşaqların sərgidə nümayiş olunan əl işləri barədə məlumat verib.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxışlarında bildiriblər ki, uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.

Tədbirin sonunda uşaq hüquqlarının müdafiəsi istiqamətində il ərzində keçirilən tədbirlərdə aktivlik nümayiş etdirən bir qrup uşaq diplomlarla təltif edilib.