“İşğal altında: Şuşa. Qisas” kompüter oyununun təqdimatı keçirilib

6 iyun 2017

Paylaş:

6 iyun 2017-ci il tarixində Bakıda “İşğal altında: Şuşa. Qisas” kompüter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gənclər və İdman naziri Azad Rəhimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər rəsmilər iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov çıxışında Şuşa haqqında həyata keçirilən layihənin çox vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan uşaqları və gəncləri Qarabağın tarixini mütləq bilməlidir.

Tədbirdə çıxış edən Hicran Hüseynova qeyd edib ki,  işğal altında olan bölgələrimizə həsr edilmiş kompüter oyunlarını istehsal etməklə gənclərin yaddaşı yenilənir və Azərbaycan həqiqətlərini virtual aləmdə canlandırır. Eyni zamanda, biz bu oyunda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikaları müşahidə etdik. Bu oyunun təqdimatında əsas məqsəd odur ki, Azərbaycan gəncləri tariximizi bilsinlər, Vətəni sevsinlər, onu müdafiə etməyi bacarsınlar, Ermənistanın aqressiv işğalçı siyasətini dünyaya yaysınlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, tarixi yaddaşlara qayıdılan belə layihələrin olması alqışlanan addımdır: “Tariximizə yazılan qanlı səhifələr var. Təəssüf ki, bugünkü gənclərimizin çoxu Şuşanın, Qarabağın gözəlliklərini görməyiblər. İnanıram ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü düşünülmüş düzgün siyasəti nəticəsində tezlliklə bu gözəlliyin şahidi olacaqlar”.

Tədbirdə həmçinin “Qarabağı tanı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə üçlü formatda hazırlanan “Şuşa kitabı” da təqdim olunub. Bu kitab uşaq və gənclərin Şuşada yerləşən tarixi və mədəniyyət abidələri haqqında ətraflı məlumat əldə etməsinə imkan yaradır. Şuşa qalası, Natavan bulağı, Gövhər-ağa məscidi, karvansaray və digər abidələr kitabda yer alıb.