“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Saatlı rayonunda keçirilib

12 iyun 2017

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi, ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 12 iyun 2017-ci il tarixində Saatlı rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbiri giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyətinin başçısının müavini Reyhan Ocaqova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edərək, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib. Reyhan Ocaqova layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu qeyd edən Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.  Qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək,  mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Sosial şəbəkələrin gənc nəsilə olan təsirlərini qeyd edən Aynur Sofiyeva, layihənin bu istiqamətdə də faydalı olacağını və gənc nəslin sağlam ruhda yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib.

“Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən İmişli regional Ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov   bələdiyyələrin imkanlarını nəzərə alaraq keçirilən layihənin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Adil Nağıyev çıxışında yaşlı nəslin nəsihətinə böyük ehtiyac olduğunu qeyd edərək, xüsusilə də yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübələrin məqsədyönlü şəkildə gənc nəsilə ötürülməsi məsələsini ön plana çəkdi.

Daha sonra rayonun axundu Vadər Əliquliyev,  rayon üzrə hüquqşünas-ekspert Mirhadi Ağayev, Tarix və diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova müvafiq olaraq təhsil amilinin əhəmiyyəti, hüquqi məsələlər və ailə dəyərlərinin əhəmiyyəti barədə çıxışlar etdilər.

Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Saatlı şəhər bələdiyyəsi tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində hazırlanan təlimə baxış keçirilib.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.