“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Nəsimi rayonu Namiq Axundov adına 1 N-li məktəbdə keçirilib

28 aprel 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri  və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində  mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq,  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilib.

Layihə çərçivəsində növbəti tədbir 28 aprel 2017-ci il tarixində saat 12:00-da Nəsimi rayonu, 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirib, bu səbəbdən bu problemlə mübarizədə şagirdləri aktiv olmağa çağırıb. Gülnarə Məmmədova Komitə tərəfindən gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, layihənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbir iştirakçılarına Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş insan alveri mövzusunda “Günahkarlar yoxsa günahsızlar  ” adlı film nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı mövzu ilə bağlı təqdimat nümayiş etdirərək,  insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.

İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb və məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.