“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldı

3 may 2017

Paylaş:

03 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummili Liderin xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Millət vəkillərinin, dövlət qurumlarının, ali təhsil ocaqlarının nümayəndələrinin, tələbələrin iştirakı ilə keçilən tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məqalə müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən danışıb və bildirib ki, bizim əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri, dövlətin qadın siyasətindəki əsas istiqamətlərlə bağlı məlumatları vətəndaşlar, xüsusilə də gənclər arasında maarifləndirmə işi aparmaqdır.

Müstəqilliyimizi qurduğumuz həmin çətin illərdə belə Heydər Əliyevin milli qadın hərakatının formalaşmasına xüsusi həssaslıqla yanaşdığını, ölkədə qadınların vəziyyətinin gücləndirlməsi istiqamətinə çox böyük diqqət ayırdığının qeyd edən Komitə sədri deyib ki, o qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuşdur: “Müdrik dövlət başçısı yaxşı bilirdi ki,  qadın hüquqlarının müdafiəsində milli qanunlarla, yanaşı beynəlxalq sənədlərin qəbulu, da çox vacibdir. Elə onun şəxsi təşəbbüsü nəticəsində, dövlətimiz «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında  (CEDAW)  Konvensiyanı ratifikasiya etdi. 1995-ci ildə Pekində keçirilən Qadın məsələlərinə dair 4-cü Ümumdünya Konfransında qadınlarımızın iştirakı isə müasir qadın hərəkatına yeni nəfəs gətirdi”. Bildirilib ki, Heydər Əliyev tərəfindən  imzalanmış “Azərbaycanda qadınların rolunun artırılması”, “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamlar  gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi üçün münbit şərait yaratmışdır.

Hicran Hüseynova diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün hüquqi baza yenidən təkmilləşdirilmiş və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları”, “Məişət  zorakılığının qarşısının alınması” haqqında Qanunlar qəbul olunmuşdu. Qeyd etmək lazımdır ki, Аzərbаycаn Respublikasının 1-ci vitse-prezidenti, Hеydər Əliyev Fondunun Prеzidеnti,  Mеhribаn Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır.

Müsabiqədə iştirak edən bütün tələbələri, qalibləri  təbrik edən Komitə sədri bildirib ki, belə müsabiqələrin keçirilməsi  çox vacibdir. Ümumiyyətlə, gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, gender əsaslı zorakılıq, dövlət qadın siyasəti və bu sahədə qazanılan uğurlar, problemlər -  bunlar nisbətən az öyrənilən mövzulardır. Biz çox istəyirik ki, gənclərimiz bu siyasətin mahiyyətini dərk etsinlər.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisinin elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Məlahət İbrahimqızı çıxış edərək, dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində Heydər Əliyevin məqsədyönlü fəaliyyətini qeyd ediblər, qadınlara olan diqqət və qayğısından, qanunlardan, fərman və sərəncamlardan bəhs edərək, Azərbaycanda bu gün də qadınlarla bağlı məsələlərin dövlətin diqqət mərkəzində olduğunu vurğulayıblar.  Qeyd edilib ki, Ulu Öndərin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyyələri gənclər arasında təbliğ etmək, eyni zamanda qadınlar haqqında məqalələr yazmaq, gənclərin yaradıcılıq imkanlarının aşkara çıxarılmasına şərait yaratmaq mühüm addımdır.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin  dekanı Əmir Əliyev, Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, İctimai televiziyanım “Yadigarlar” layihəsinin rəhbəri, böyük redaktor, əməkdar jurnalist Flora Xəlilzadə çıxış edərək keçirilən müsabiqə ətrafında fikirlərini qeyd ediblər və qadın məsələləri, gender problemləri ilə bağlı yazılan məqalələrin tələbələrin gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

Müzakirələrdən sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. I yerə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə I kurs magistrant tələbəsi Əlizadə Könül, II yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Həsənova Aida, III yerə İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakültəsinin tələbəsi Təhmasib Quluzadə layiq görülüb. 5 nəfər isə həvəsləndirici yer tutub.