“Gender problemləri və Media” mövzusunda seminarın birinci günü yekunlaşdı
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində mayın 2-də “Excelsior Hotel Baku” mehmanxanasında “Gender problemləri və Media” mövzusunda 2 günlük seminarın birinci günü başa çatıb.
Beynəlxalq ekspertlərin, dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçirilən seminarın təşkil olunmasının əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Seminarı giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva keçirilən tədbirin əhəmiyyəti və məqsədini diqqətə çatdırıb. A.Sofiyeva bildirib ki, ölkəmiz spesifik gender ənənələrini yaşadan bir məkandır: “Azərbaycanda qadın həmişə xüsusi, seçilmiş statusa malik olub. Öz müstəqillik ənənələrinin Müasir Azərbaycan qadını bu ənənələrin davamçısı və daşıyıcısıdır. Cəmiyyətin həyatında, təkcə ənənəvi olaraq qadın sferası sayılan sahələrdə deyil, həm dövlət qurumları, hüquq mühafizə orqanları, sənaye sahəsi kimi çətin və məsuliyyətli sahələrdə belə qadınlarımız yetərincə təmsil olunublar. Cəmiyyətdə kişi və qadın münasibətlərinin balanslaşdırılması müasir sivilizasiya üçün vacibdir. Jurnalistika sahəsi isə bu prosesdə mühüm rol oynayır, çünki ictimai şüurun formalaşmasında media komponenti güclü faktordur.” Sədr müavini qeyd edib ki, jurnalistikanın gender məsələrinə təsirinə dair araşdırmalara böyük ehtiyac vardır. Jurnalistlərə tədris prosesi zamanı təhsilin müxtəlif sahələri üzrə gender komponentinin aşılanması bu stereotiplərin qırılmasında vacibdir.
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Malena Mard seminar barədə məlumat verib. Avropa İttifaqının Azərbaycanla bir sıra sahələr üzrə layihələr həyata keçirdiyini xatırladan Malena Mard qeyd edib ki, bu tədbir gender bərabərliyinin qorunması sahəsində olan tədbirlərdən biridir və seminarda media sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər, eləcə də media sahəsi üzrə ixtisaslaşmış yerli mütəxəssislər çıxış edərək, iştirakçılara öz töhfələrini verəcəklər
Seminar çərçivəsində keçirilən “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği” adlı I sessiyada Polşadan olan ekspert xanım Marzena Kordaczuk-Was “Polşa və İsveç Respublikalarında gender bərabərliyinin media vasitəsilə təbliği” adlı, Litvadan olan ekspert xanım Vanda Jurseniene və Xorvatiyadan olan ekspert xanım Elizabeta Gojan “skayp” vasitəsilə qoşularaq “Litva və Xorvatiya Respublikalarnda gender bərabərliyinin media vasitəsilə təbliği”, Aİ-nin Skandinaviya üzrə ictimai mətbuat ofisinin rəhbəri xanım Charlotte Niklasson “Skandinaviya ölkələrində gender bərabərliyinin media vasitəsilə təbliği: Skandinaviya ictimai mətbuatının məsələyə münasibəti” adlı təqdimatlarla çıxışlar edərək ölkə təcrübəsini iştirakçılarla bölüşüblər.
“Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri” adlı II sessiyada Azərbaycan Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadə “Müstəqil Azərbaycan gender siyasəti media güzgüsündə: reallıqlar və faktlar” mövzusunda, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin müdiri Nemət Cavadov “Gender və Televiziya: Azərbaycan Milli Televiziyasında gender bərabərliyinin təbliği və mübarizə stereotipləri necədir?” mövzusunda, Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova “Mediada gender stereotipləri ilə mübarizə: əsas meyllər” mövzusunda, Polşadan olan ekspert Marzena Kordaczuk-Was və Litvadan olan ekspert Vanda Jurseniene “Polşa, Litva və Xorvatiya medasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri” mövzusunda, İsveçdən olan ekspert xanım Karin Milles “İsveç və digər Skandinaviya ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri” mövzusunda çıxışlar ediblər.
Qeyd edək ki, təlimin ikinci günü 3 may tarixində keçiriləcək və “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 2 sessiya ilə davam edəcək.
Seminar çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın xarici ekspertlərlə görüşü keçiriləcək.