“Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirildi

5 may 2017

Paylaş:

5 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib.

Təlim çərçivəsində bələdiyyə sisteminin insan hüquqlarının müdafiəsinə təsiri, gender bərabərliyinin təmin edilməsi sahəsində beynəlxalq sənədlərin mahiyyəti, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində mexanizmlər və sistem açıqlanıb. Eyni zamanda, təlim çərçivəsində ölkədə gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığı ilə mübarizə, uşaq (erkən) nikahların qarşısının alınması və digər indikatorlar üzrə təlimdə iştirak edən şəxslərə məlumatlar çatdırılıb.

Təlim qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrənilməsi, əhali arasında maarifləndirmənin gücləndirilməsi və bələdiyyənin rolunun artırılması məqsədini daşıyır.

Təlimdə dövlət qadın siyasəti, insan hüquqlarının müdafiə sistemində gender bərabərliyinin təmin edilməsi, qadınların yerli idarəçilikdə iştirak etmək yolları və bu sahədə mövcud olan təcrübələr, əsas anlayışlar (təriflər), cinsi ayrı-seçkilik anlayışı və “Azərbaycanda Qadın hüquqlarının müdafiəsi mexanizmi” mövzuları açıqlanıb.

Təlim yerli bələdiyyə nümayəndələri üçün təşkil edilib.

Təlimin davamı Xaçmaz, Quba, Şəki, Qax, Zaqatala, Balakən, Saatlı, İmişli, Beylaqan rayonlarında keçiriləcək.