Bakı Oksford məktəbində uşaqlar üçün tədbir keçirilib

26 may 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqlara həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlərdə həssas kateqoriyadan olan, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların və eyni zamanda aztəminatlı ailələrin uşaqlarının iştirakına geniş imkanlar yaradılır.

Tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı Oksford məktəbində 26 may 2017-ci il tarixində təşkil etdiyi tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin Daun sindromlu uşaqlarının və Bakı Oksford məktəbində təhsil alan  uşaqların iştirakı  ilə konsert proqramı təqdim olunub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və şöbənin əməkdaşları, “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxlərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Bakı Oksford məktəbinin müdiriyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxlərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova açaraq, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi işində görülən işlər, bu istiqamətdə qəbul edilən qanunları diqqətə çatdırıblar.

Tədbir müddətində Bakı Oksford məktəbində təhsil alan uşaqlar tərəfindən mahnılar ifa edilib və Daun sindromlu uşaqların hazırladıqları “Biz günəşin şəfəqləriyik” adlı musiqili səhnəciklər nümayiş etdirilib. Konsert proqramı uşaqlar üçün təşkil olunan nahar yeməyi ilə yekunlaşıb.