«Öyrən, İdarə et, Lider ol” mövzusunda keçirilmiş təlimə yekun vurulmuşdur
Paylaş:
Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işlərinin aparılması, təlim və seminarların təşkilinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriliməsi vacib sayılan məsələlərdən hesab olunur. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə 21-25 iyul, 2014-cü il tarixlərində «Öyrən, İdarə et, Lider ol”mövzusunda Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseydə təlim keçirilmişdir.
Təlimdə Bakı şəhərinin rayonlarını təmsil edən 25 məktəbli iştirak etmişdir. 5 günlük təlimdə məktəblilərə müxtəlif mövzularda təlimlər keçirilmiş, müzakirələr, qrup işləri aparılmışdır.
Təlimlər Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları-Pərviz Əliyev, Fərid Ədilov, Turan Əbdürrəhmanova və Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev tərəfindən aparılmışdır.
Təlim zamanı uşaqlar liderlik keyfiyyətlərinin inkişafı, lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönlülük, məsuliyyətlilik, komanda ilə iş bacarığı, eləcə də cari ilin noyabr ayında keçiriləcək III Ümumrespublika Uşaq Forumunda müzakirə ediləcək müxtəlif mövzulara dair ətraflı məlumatlar əldə etmişlər.
Təlim proqramı çərçivəsində uşaqlar xüsusi maykalarla təmin olunmuş, onların əyləncəsi üçün Sabunçu rayonunda yerləşən Aygun City Cinema Club-da film nümayiş olunmuş, həmçinin təliminin son günü Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilmişdir.
Sonda uşaqlar təlimlərdə fəal iştirakına görə sertifikatla təltif olunmuşlar.