Vətən yolunda şəhid olanların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

3 avqust 2014

Paylaş:

Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə həlak olmuş hərbi qulluqçular müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər.

Müdafiə nazirinin əmri ilə təltif olunanlar arasında əsgər Qarazadə Anar Vidadi oğlu da vardır. Avqustun 6-da şəhidin doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində medalın təqdim edilməsi ilə bağlı mərasim keçirildi.

Müdafiə Nazirliyinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, rayon ictimaiyyəti nümayəndələrinin və kənd camaatının iştirak etdikləri mərasimdə şəhid Anar Qarazadənin qısa və mənalı ömür yolundan ətraflı söhbət açıldı.

Bildirildi ki, Anar Qarazadə Nərimankənd kəndində dünyaya göz açsa da, şərəfli ölümü ilə bütün Azərbaycanın övladı oldu. Bu günlər onun keçdiyi döyüş yolu hamı üçün nümunəyə çevrilib. Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani igid döyüşçü Anar Qarazadənin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin atası Vidadi Qarayevə təqdim etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirdi ki, övladı vətən və haqq işi uğrunda şəhid olan valideynlərə minnətdarlıq hissimiz sonsuzdur.

Medalı qəbul edən şəhidin ailə üzvləri, kənd sakinləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirərək şərəfli ölümü ilə milyonların övladına çevrilən milli ordumuzun əsgəri Anar Qarazadə ilə fəxr etdiklərini söylədilər.