Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənildi
Paylaş:
Hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa ekspertləri tərəfindən hazırlanıb. Hesabatın sentyabrın 9-da Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri Spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak etdi.
50 səhifədən ibarət hesabat Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir. Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan təsirləndiyini bildirdi. “Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir”, – Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.
Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açdı. Komitə sədri bildirdi ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var. H.Hüseynova qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması hökumətin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən H.Hüseynova əlavə etdi ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir.
Layihə çərçivəsində Komitə sədri Avropa Parlamentin nümayəndələri xanım Marielle de Sarnez və Julie Vard ilə görüşləri keçirmişdir.Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənildi