“Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində məktəb psixoloqlarının iştirakı ilə növbəti tədbir keçirilmişdir

2 oktyabr 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə “Ailə, məktəb və cəmiyyət” adlı layihəsi çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilir. Layihə çərçivəsində növbəti tədbir 2 oktyabr tarixində Qaradağ rayonunda yerləşən 106 saylı orta məktəbdə rayonun məktəb, lisey psixoloqlarının iştirakı ilə  keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Komitənin “Ailə Problemləri” şöbəsinin baş məsləhətçisi Rafq Mahmudov tədbir iştirakçılarını salamlamış və bu tipli layihələrin keçirilməsinin önəmindən bəhs etmiş, Komitə tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirildiyini və bu cür layihələrin orta məktəblərində keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilmək və daha səmərəli təşkil etmək olduğunu qeyd etmiş, tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa, öz təcrübələrini bölüşməyə dəvət etmişdir.

Mövzular ətrafında statistik məlumatlar verildikdən sonra çıxış üçün söz Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəlliməsi, psixoloq Vəfa Kərimovaya verilmişdir. Vəfa Kərimova müasir dövrdə məktəb psixoloqlarının üzərinə böyük öhdəliklərin düşdüyünü, bu peşənin məsuliyyətli həmçinin çox vacib olduğunu qeyd etmişdir. Tədbir iştirakçılarına ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları), valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumat verildikdən və slayd şou vasitəsi ilə təqdimat edildikdən sonra tədbir iştirakçıları ilə müzakirələr aparılmışdır.

Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilmişdir.