Komitənin aparat rəhbəri Dubayda keçirilən Dünya Hökumətlər Sammitində iştirak edir

13 fevral 2024

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edir.

12-14  fevral 2024-cü il tarixlərində “Gələcəyin hökumətlərinin formalaşdırılması” mövzusunda keçirilən 11-ci sammitdə dünyanın üzləşdiyi aktual problemlərin həlli istiqamətində gələcək imkanlar və çağırışlar müzakirə olunur.

Bir çox dövlət və hökumət başçılarının, o cümlədən nazirlər, dövlət xadimləri və ekspertlərin iştirak etdiyi sammitdə “Effektiv hökumətlər üçün artım və inkişaf prosesinin gücləndirilməsi”, “Süni intellekt və gələcək sərhədlər”, “İnkişaf və gələcək iqtisadiyyatlar üçün yeni baxış”, “Təhsilin gələcəyi və sabahkı cəmiyyətlərin gözləntiləri”, “Davamlılıq və yeni qlobal transformasiyalar” və “Urbanizasiya və qlobal sağlamlıq prioritetləri" mövzularında panel müzakirələr aparılır. O cümlədən regional və beynəlxalq səviyyədə əməkdaşlığın təkmilləşdirilməsi yolları da müzakirə olunur.

Sammit çərçivəsində keçirilən bir neçə panel müzakirələrində iştirak edən C.Rəhmətullayeva, COP 29-un sədri Azərbaycan Respublikasının ekologiya naziri Muxtar Babayev və COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin də çıxış etdiyi “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Fəaliyyətlər” panelində iştirak edib. Adı çəkilən paneldə iqlim dəyişikliklərinə təsir edən amillər, eləcə də iqlim dəyişikliyinin qarşısının alınmasında gender bərabərliyi və təhsilin əhəmiyyəti istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın fəxri qonaq kimi çıxışları dinlənilib.