Dövlət Komitəsinin 2023-cü il üzrə fəaliyyətinin yekunları müzakirə edilib

9 fevral 2024

Paylaş:

9 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ildə fəaliyyətinin yekunlarına qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

İclasda kollegiya üzvləri, Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorları, həmçinin İctimai şura üzvləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, 2023-cü ilin ölkə tarixinə daha bir uğur səhifəsi kimi yazıldığını qeyd edərək, əldə edilən uğurlara, milli və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərə diqqət çəkib. B. Muradova, ölkəmizin suverenliyinin bərpasından sonra ilk  dəfə Azərbaycanın hər bir bölgəsində keçirilən prezident seçkisinin ölkəmizin siyasi tarixində, həmçinin beynəlxalq aləmdə əlamətdar hadisə kimi yaddaşlara yazıldığını vurğulayıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təbriklərini səsləndirib.

Sədr Komitənin 2023-cü il üzrə fəaliyyətinin yekunlarına dair məlumatla çıxış edərək, ailə, qadın və uşaq məsələləri sahəsində mühüm işlər görüldüyünü qeyd edib, həyata keçirilən genişmiqyaslı tədbir və layihələri diqqətə çatdırıb. B.Muradova, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsidə Komitə tərəfindən keçirilən çoxşaxəli tədbirlər haqqında məlumat verib.

Daha sonra Komitə sədri normativ hüquqi bazanın gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Komitə tərəfindən görülmüş işlərdən bəhs edib. Eyni zamanda həyata keçirilən maarifləndirmə işlərindən, hazırlanan araşdırma və təhlillərdən danışıb, əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.

Ötən il Komitə tərəfindən keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdən bəhs edən sədr bildirib ki, Azərbaycan 40-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatın yüksək səviyyəli qonaqlarının iştirakı ilə Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransına uğurla ev sahibliyi etdi, eyni zamanda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans baş tutdu. B. Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Zəfərdən sonra keçirilən ilk prezident seçkisi, Naxçıvan MR-in yaranmasının 100 illiyi ilə bağlı bayram ab-havası yaşandığını əlavə edib. O, ötən il ərzində də ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası, eyni zamanda  “Heydər Əliyev ili”ndə həyata keçirilən tədbirlər, layihələr barədə məlumat verib, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova hesabat ilində keçirilən Azərbaycan Qadınlarının VI Qurultayının bu zamanadək keçirilən qurultaylardan fərqli olaraq, beynəlxalq status qazandığını qeyd edib. Əlavə edib ki, 5 paneldə müzakirənin keçirildiyi qurultayın yekununda qətnamə qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi ki, bu da gələcək qadın siyasətinin yeni prioritetlərin müəyyən edilməsi üçün  geniş imkanlar yaratdı. 

Sədr müavini Aynur Sofiyeva, Dövlət Komitəsinin Kommunikasiya Strategiyası və Sosial Media Siyasətinin icra vəziyyəti, həmçinin 2024-2026-cı illər üzrə yeni Kommunikasiya Strategiyası barədə məlumat verib. Müvafiq sahədə media ilə əməkdaşlıq, xüsusilə də blogerlərlə işin gücləndirildiyini bildirən sədr müavini,  bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı göstəriciləri səsləndirib, növbəti illər üçün prioritet istiqamətləri açıqlayıb. Sədr müavini Komitənin sosial media platformalarında uğurlu fəaliyyətinə diqqət çəkərək, bu sahədə işin daha da gücləndiriləcəyini  bildirib.

Eyni zamanda Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailə səfərlərinin təşkili və aparılması, eləcə də əməkdaşların vəzifə təlimatlarının və UADM-lərin 2024-cü il üçün İş Planlarının təsdiq edilməsi barədə məlumatlarla çıxış edən A.Sofiyeva, hesabat ilində Mərkəzlərin fəaliyyətinin uğurlu olduğunu vurğulayıb. Qeyd edib ki, qəbul edilən sənədlər əhali ilə işin aparılması istiqamətində faəliyyətin düzgün qurulmasına kömək edəcək.

Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, ilin birinci yarısı üçün iş planı, qarşıda duran vəzifələrə, keçiriləcək layihə və tədbirlərə dair məlumatları diqqətə çatdırıb.

Daha sonra Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədovun “Azərbaycan Respublikasında məişət zoraklığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinə və ikinci Milli Fəaliyyət Planının layihəsinin hazırlanması ilə bağlı çıxışı dinlənilib.

Məruzələrdən sonra müzakirə aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.

Yekunda çıxış edən Bahar Muradova, ötən dövr üçün Dövlət Komitəsinin fəaliyyətini qənaətbəxş qiymətləndirib, cari il ərzində də yeni istiqamətlərin müəyyənləşdirilərək, mühüm tədbirlərin davam etdiriləcəyini qeyd edib.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Hesabatı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Təqdimatı