Dövlət Komitəsinin əməkdaşları və Uşaq Səfirlər Məclisinin üzvləri Uşaq Məsləhət Şurasının iclasında iştirak ediblər

2 fevral 2024

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Uşaq Səfirlər Məclisinin üzvləri İstanbul şəhərində keçirilən Uşaq Məsləhət Şurasının 2024-cü il üçün nəzərdə tutulmuş ilk iclasında iştirak ediblər.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı əsasında Türkiyə, Kipr və Azərbaycan Respublikasını təmsil edən uşaqların iştirakı ilə baş tutan tədbirdə Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün açılış nitqi ilə çıxış edib. O, bu tədbirin uşaqların özünüifadə bacarıqlarının inkişafı və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. BMT-nin Uşaq Fondunun (UNİCEF) Türkiyə təmsilçisi Paolo Marchi uşaq hüquqlarının əhəmiyyətindən danışıb, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçiriləcəyinin sevindirici hal olduğunu xüsusi vurğulayıb.

Uşaqların fikir mübadiləsi ilə davam edən iclasda 2023-cü ilə aid fəaliyyətlər qiymətləndirilib, cari il üçün nəzərdə tutulan tədbirlər planı və əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Uşaq Məsləhət Şurasının ilk iclasının əsas məqsədi uşaqların iştirakçılıq və liderlik bacarıqlarının, özünüinkişaf və dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.

 İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Fidan Kərimova, Bahar Həsənli və Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Rüfət Əzizzadə, Məryəm Hüseynova, Nicat Rəhimov, Nəzrin Bayramlı, Əliəkbər Babayev iştirak ediblər.