Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı ilə seçki prosesində qadınların iştirakının təşviqi istiqamətində tədbirlərə start verilib

26 yanvar 2024

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı ilə seçki prosesində qadınların iştirakının təşviqi istiqamətində tədbirlərə start verilib

7 fevral 2024-cü il tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində qadınların iştirakının təşviqi, seçki hüququ barədə məlumatlılıq səviyyəsinin artırılması və qadınların aktiv şəkildə seçkilərdə iştiraka təşviq edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı, Saatlı, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmalarda qadınların çalışdığı müəssisələrdə məlumatlandırma tədbirləri və görüşlər keçiriblər.

Dairə və məntəqə seçki komissiyalarının iştirakı ilə baş tutan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququ barədə ətraflı məlumat verilib, vətəndaşların bu hüquqdan istifadəsinin əhəmiyyəti və seçkinin ölkəmizin siyasi həyatında rolu barədə danışılıb. Qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğu xüsusi vurğulanaraq, onların seçkilərdə aktiv iştirakına çağırış edilib.

Seçkilərdə ilk dəfə səs verəcək qadınları maraqlandıran suallar cavablandırılıb.

Ümumilikdə, 183 nəfərin iştirak etdiyi seminarlarda seçki təlimatı və qaydalarını əks etdirən xüsusi maarifləndirici bukletlər paylanılıb.