Maarifləndirici posterlər Bakı şəhərinin monitorlarında nümayiş etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, uşaqların sağlamlığına təsir göstərən ekoloji problemlərin aradan qaldırılması, bu istiqamətdə valideyn məsuliyyətinin gücləndirilməsi, erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin daha da artırılması məqsədilə mütəmadi olaraq ictimai maarifləndirmə tədbirlərini həyata keçirir.
Bununla bağlı 1-7 fevral 2024-cü il tarixlərində Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Kiber zorakılığa son!”, “Narkotik - ölüm tələsidir! Narkomaniyaya yox deyək!”, “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” və “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111” mövzusunda elektron posterlərdən hazırlanmış video çarx Bakı şəhərinin Neftçilər, Tbilisi prospektlərində, Landau, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Mikayıl Hüseynov küçələrində Agentliyə məxsus monitorlarda nümayiş etdiriləcək.
Posterlər cari ilin 8-14 fevral tarixlərində Sumqayıtda və 15-21 fevral tarixlərində isə Gəncədə yayımlanmağa davam etdiriləcək.