Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Nyu-Yorkda Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 25-ci ildönümü ilə əlaqədar BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak etmişdir

20 noyabr 2014

Paylaş:

20 noyabr 2014-cü il tarixində Nyu-Yorkda “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 25-ci ildönümü ilə əlaqədar BMT Baş Assambleyasının yüksək səviyyəli görüşü keçirilmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak etmişdir. Aynur Sofiyeva tədbirdə Azərbaycan hökuməti adından çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda görülmüş ən mühüm işləri diqqətə çatdırmışdır. O bildirmişdir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövlət siyasətində prioritet istiqamətdir və uşaq məsələlərinə dövlət tərəfindən həmişə xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikası Prezidentinin 2012- ci ildə Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının Həyata keçirilməsinə Dövlət Nəzarəti Qaydası”nın uşaq hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli sənədlərdən biri olduğunu vurğulamış, ölkəmizdə uşaq siyasəti ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarına uyğun olaraq uşaq məsələrini əhatə edən tədbirləri, o cümlədən yaxın günlərdə keçirilmiş III ümumrespublika Uşaq Forumu və onun əhəmiyyətini  tədbir iştirakçılarının  diqqətinə çatdırmışdır.

Sədr müavini həmçinin, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşərək  beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmış əsas hüquq və azadlıqları kobudcasına pozulmuş 350 minə yaxın uşağın hüquqlarının müdafiəsi məsələsinə də toxunmuşdur.

Sonda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycanda görüləcək işlər diqqətə çatdırılmışdır.