Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçiriləcək

18 oktyabr 2023

Paylaş:

Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq.

Qurultay “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə baş tutacaq.

Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar. 

Yekunda müzakirə və təkliflər əsasında Qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.

Azərbaycan Qadınlarının VI Qurultayı 19 oktyabr 2023-cü il tarixində, saat 09:00-da Gülüstan Sarayında keçiriləcəkdir.

Qurultaydan öncə, saat 08:15-də 60-a yaxın ictimai-fəal qadının Fəxri Xiyabana ziyarəti baş tutacaq.

Qurultayın işıqlandırılmasına dəstək göstərməyinizi xahiş edirik.