Qalib ölkənin qalibləri müfatlandırılıb

26 dekabr 2023

Paylaş:

26 dekabr 2023-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qalib Ölkənin Qalibləri - 2023” mükafatlandırma mərasimi keçirib.

Mərasimdə cari il ərzində uşaq hüquqları, xüsusən də uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən uşaqlar mükafatlandırılıb.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları salamlayıb, belə tədbirlərin uğurlu fəaliyyət üçün xüsusi stimul olduğunu söyləyib. Sədr müavini, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 2023-cü ilin həm də hesabat ili olduğunu və əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. Əlavə edib ki, misilsiz hadisələrin, qələbələrin nəticəsi olaraq, bayrağımız artıq Xankəndi səmasında dalğalanır: "Biz bu qələbələrə Ali Baş Komandanımızın iradəsi, ordumuzun şücaəti və xalqımızın birliyi ilə nail olduq".

Tədbirdə iştirak edənlərin, yaşlarının az olmasına baxmayaraq, il boyu uşaq hüquqlarının müdafiəsi və onların inkişafı sahəsində töhfə verdiklərini bildirən A.Sofiyeva, onlarla fəxr etdiyini dilə gətirib. O, Uşaq Səfirlər Məclisi (USM) üzvlərinin regionlarda uğurlu layihələrinin reallaşdığını qeyd edərək, xoş sədalarının artıq ölkəmizdən kənarda da eşidildiyini deyib.

Daha sonra USM-nin illik fəaliyyətinə dair hesabat təqdim edilib və həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlər barədə məlumat verilib. Bu fəaliyyəti əks etdirən film nümayiş olunub. Nümayişdən sonra vokalçı uşaqların ifası dinlənilib.

Eyni zamanda tədbir çərçivəsində Azərbaycan Uşaqlarının İnkişafı Platformasının təsis edildiyi elan edilib. İctimai Birliyin uşaq siyasətinin həyata keçirilməsinə töhfə vermək məqsədilə fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.

Tədbir mükafatlandırma ilə davam edib. İştirakçılardan 10 nəfər “Ən fəal layihə təşkilatçısı”, “Ən uğurlu layihə”, “Ən fəal təlimçi”, “Uğurlu beynəlxalq təmsilçilik”, “Mübariz ruh” adlı 5 nominasiya üzrə diplom, mükafat və hədiyyələrlə təltif olunublar.

Mükafatlandırma mərasimi zamanı müxtəlif nominasiyalara layiq görülən uşaqların fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Mükafatlandırma mərhələsi bitdikdən sonra növbəti il üzrə görüləcək işlər, planlaşdırılan layihələr müzakirə edilib, təkliflər səsləndirilib.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək, tədbirdə respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan, eyni zamanda USM üzvləri və regional nümayəndələri də daxil olmaqla 100-dən çox uşaq iştirak edib.