“RoboCoder” təlimləri başa çatıb

21 dekabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin (USM) üzvlərinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirdiyi “RoboCoder” təlimləri başa çatıb.

Təlimlərin keçirilməsində məqsəd məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, onlara proqramlaşdırma dilləri haqqında ilkin məlumatların təqdim edilməsi və nəticədə uşaqların rəqəmsal bacarıqlara olan marağının artırılmasıdır.

USM-nin İKT departamentinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadənin S. C. Pişəvəri adına Respublika humanitar fənnlər gimnaziyasında təşkil etdiyi təlim noyabrın 6-dan başlayaraq 6 həftə davam edib. Təlimdə proqramlaşdırma ilə maraqlanan, eyni zamanda təhsilini bu istiqamətdə davam etdirmək istəyən Vlll, lX və X sinif şagirdləri iştirak edib və sözügedən sahədə müxtəlif nəzəri biliklər əldə ediblər.

Proqramı uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.