Professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirildi
Paylaş:
“Zərif və mülayim təbiətli insanın - ideallarına və prinsiplərinə sədaqət mücəssəməsi kimi qəbul edilən Zəhra xanımın şəxsiyyətinin bütövlüyünə heyran qalmamaq mümkün deyildi. Çünki o, bu amalları üçün bütün imkanlarını təmənnasız və sonadək əsirgəməyən vətənpərvər ziyalı, əsl Azərbaycan qadını idi”.
Bu sözləri 21 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransda Bahar Muradova deyib.
O, Zəhra xanımın zəngin həyat və yaradıcılığı haqqında danışaraq, görkəmli oftalmoloq alimin zəhməti və istedadı sayəsində 82 illik ömrünün hər gününü böyük vətəndaş məsuliyyəti ilə yaşamağa üstünlük verdiyini, böyük hörmət və nüfüz sahibi olduğunu vurğulayıb. Qeyd edib ki, onunla birgə çalışan həmkarları, tələbələri və yetirmələri, onu bir pedaqoq, bilik və bacarığını əsirgəmədən bölüşməyə hazır bir insan kimi xatırlayır.
Komitə sədri, Zəhra xanımın Ümummilli lider Heydər Əliyev ilə xatirələrinə toxunaraq, Ulu öndərin onun fəaliyyət göstərdiyi bütün istiqamətlər üzrə əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini, müxtəlif dövlət mükafatları, orden və medallarla təltif etdiyini qeyd edib. Xüsusilə də Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri olaraq vəzifəyə təyin edilməsi Zəhra xanımın fəaliyyətinə verilən dəyərin təzahürü olmuşdur.
Görkəmli alimin şəxsi keyfiyyətləri və xidmətləri haqqında danışan B. Muradova qeyd edib ki, o sadəliyi və təvazökarlığı, humanistliyi və tələbkarlığı, prinsipiallığı, səmimiyyəti və mehribanlığı ilə diqqətləri hər zaman çəkməyi bacarırdı.
Davamında Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Daha sonra Səhiyyə nazirinin müavini Rasim İsmayılov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova, ictimai xadim Cəmilə Səttarova, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək, Zəhra Quliyeva haqqında xatirələrini bölüşüblər. Azərbaycan qadınının bütün dəyərlərini özündə təcəssüm etdirən görkəmli şəxsiyyət, həm ictimai-siyasi xadim, həm cəmiyyət üçün mühüm xidmətləri olan, səhiyyəmizin inkişafına əvəzolunmaz töhfələr verən oftalmoloq kimi Z. Quliyevanın həyat və yaradıcılığına diqqət çəkiblər.
Qeyd edilib ki, o, öz xüsusi dəsti-xətti ilə seçilmiş, savadlı və peşəkar gənc oftalmoloq kadrların yetişməsində vacib rol oynamış, tibb elminə, elmi tədqiqatların aparılmasına vacib əsərlər bəxş etmiş, beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, əsl loğman və istedadlı təbib kimi yaddaşlarda qalmışdır.
Millət vəkilləri, ictimai xadimlər, Tibb Universitetinin müəllimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinim iştirakı ilə keçirilən konfrans bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirdən əvvəl II Fəxri Xiyabanda Zəhra Quliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad edilib.