Dövlət komitəsində İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini ilə görüş keçirilib

20 dekabr 2023

Paylaş:

20 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələləri üzrə müavini, Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit ilə görüşüb.

Görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi ilə əlaqədar  məsələlər və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub.

Qonaqları salamlayan sədr müavini Sədaqət Qəhrəmanova təşkilatla sıx əlaqələrin olduğunu vurğulayıb, bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylərin göstərilməsinin vacibliyini qeyd edib. O, ötən ay Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “İslamda Qadın: onların vəziyyəti və səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirakdan məmnunluğunu ifadə edib və orada müzakirə edilən məsələlərin qadınların səlahiyyətləndirilməsinə töhfə verəcəyini bildiirb.

Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən sədr müavini, hüquqi bazanın möhkəmləndirilməsi, milli dəyərlər əsasında beynəlxalq mexanizmlərin ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən danışıb. Ailə institutunun dövlət və cəmiyyət həyatında mühüm rol oynadığını bildirən S.Qəhrəmanova, xüsusilə İslam dünyasında ailənin rolundan danışıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələləri üzrə müavini, Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit bu əməkdaşlığın daha da gücləndirilməsi və müsbət təcrübə mübadiləsinin aparılmasının bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə imkan yaradacağını diqqətə çatdırıb. Azərbaycanda bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu bildirən qonaq əlavə edib ki, sadalanan mövzular çərçivəsində daha geniş ünsiyyət yaradaraq bu sahədə bir-birimizə daha çox töhfə verə bilərik.

Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Xarici İşlər Nazirliyinin Beynəlxalq inkişafa yardım idarəsinin əməkdaşı Günel Hacıyeva, Mədəniyyət İşləri üzrə Departamentinin direktoru Lhoucine Rhazoui və əməkdaşı Qalib Hüseynov da iştirak edib.