II Ümumrespublika Bloger müsabiqəsinin qalibləri mükafatlandırılıb
Paylaş:
20 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin blogerlər arasında elan etdiyi müsabiqənin nəticələri elan edilib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dünyada informasiya texnologiyalarının tətbiqi ilə baş verən yeniliklərlə hesablaşmağın önəmini vurğulayıb və bu baxımdan cəmiyyətin həyatında sosial şəbəkələrin rolunun getdikcə artdığını bildirib. Əlavə edib ki, bu baxımdan sözügedən sahədə ixtisaslaşmanın olması, standartların, hüquqi çərçivələrin müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində müzakirələrin keçirilməsi vacibdir.
Dövlət Komitəsinin ilk dəfə blogerlərlə əməkdaşlıq təşəbbüsü göstərdiyini xatırladan sədr, ötən il keçirilən müsabiqənin maraqla qarşılandığını və bu il də 22 blogerin müraciət etdiyini, onlardan 15-nin müsabiqəyə buraxıldığını söyləyib. O, belə layihələrin ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği istiqamətində töhfə verdiyini qeyd edərək, blogerlərlə bugünədək keçirilən görüşlərdə məişət zorakılığı və gender əsaslı zorakılıq hallarının qarşısının alınması, sosial şəbəkələrdə uşaq və qadın hüquqlarının qorunması, hüquqların təşviq edilməsi, onlarla bağlı məlumatların ən düzgün şəkildə ictimaiyyətə çatdırılması, əhalinin maarifləndirilməsi, cəmiyyətdə bu sahədə məlumatlılığın artırılması istiqamətində təkliflər səsləndirildiyini vurğulayıb. B.Muradova, çıxışının sonunda müsabiqədə iştirak edən hər kəsə, xüsusilə də münsiflərə Komitə ilə uğurlu əməkdaşlıqlarına görə öz təşəkkürünü bildirib.
Daha sonra millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sevil Mikayılova və "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin çıxışları dinlənilib. Çıxışlar zamanı sağlam ailə və sağlam cəmiyyətin formalaşması məqsədilə belə layihələrin önəmi vurğulanıb, mövcud problemlərin həlli istiqamətində müvafiq sahələrdə, eləcə də qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səsləndirilib, müzakirə aparılmasının vacibliyi qeyd edilib.
Münsif heyətinin üzvləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, gender eksperti Şəhla İsmayıl çıxış edərək müsabiqə ilə bağlı fikirlərini diqqətə çatdırıb, qiymətləndirmə prosesi ilə bağlı məlumat veriblər.
Ardınca Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə müsabiqənin nəticələri ilə bağlı təqdimatla çıxış edib və qalibləri açıqlayıb. Bildirilib ki, müsabiqədə iştirak edən blogerlərin səhifələri maraqlı, maarifləndirici, fərqli kontent; cəmiyyətə təsir və insanların etimad göstəricisi; eyni zamanda mövzu ilə bağlı paylaşım göstəriciləri üzrə münsif heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən edilib. Birinci yerə İsmayıl Hüseynli, ikinci və üçüncü yerlərə isə Fidan Nizamova və Şəbnəm Həsənəlizadə layiq görülüb, onlara sertifikat və hədiyyələr təqdim edilib. Digər aktiv 7 bloger həvəsləndirici hədiyyələrlə, qalan iştirakçılar isə sertifikatlarla təltif edilib.
Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, artıq ikinci dəfə keçirilən “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsinin məqsədi ictimaiyyət arasında sağlam və güclü ailə dəyərlərinin və gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təbliği, gender əsaslı və məişət zorakılığı halları ilə mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, sosial şəbəkələrin potensialından istifadə etməklə cəmiyyətin düzgün istiqamətləndirilməsidir.