Uşaq Səfirlər Məclisi Gürcüstanda təlim təşkil edib

15 dekabr 2023

Paylaş:

Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti muzeyinin dəstəyi ilə paytaxt Tiflis şəhərindəki 64 saylı tam orta məktəbin Azərbaycan dili bölməsinin 7 və 8-ci sinif şagirdləri üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gürcüstan Respublikası üzrə nümayəndəsi Nəsimi Sadıqlı tərəfindən “Uşaq hüquqları – inkişaf üçün birləşək!” adlı təlim keçirilib.

Təlimdən əvvəl Uşaq Səfirlər Məclisinin fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Sonra Nəsimi Sadıqlı BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq bəndləri üzrə məlumat verib, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu və onun icra mexanizmlərindən söz açıb.

O, eyni zamanda uşaq hüquqlarının öyrənilməsi, təbliği və qorunması istiqamətində uşaqların həmyaşıdlarına dəstək olma formaları, hüquqlarının müdafiəsi üçün müraciət edə biləcəkləri qurumlar barədə iştirakçılara ətraflı informasiya verib.

Təlim mövzu ilə bağlı sualların cavablandırılması və interaktiv diskussiya şəklində davam edib.