“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihə çərçivəsində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirilmişdir

14 oktyabr 2014

Paylaş:

BMT baş məclisinin 14 oktyabr 1992-ci il tarixli 47/93 nömrəli qətnaməsi ilə 3 dekabr tarixi Beynəlxalq Əlillər günü kimi qeyd olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ildən etibarən paytaxtda və regionlarda yaşlı nəsillə gənc nəslin görüşlərinin keçirilməsi istiqamətində həyata keçirilən layihə çərçivəsində Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda tədbir keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan pansionatın direktoru Qətibə Əsədova qonaqları və tədbir iştirakçılarını salamlamış, ölkə rəhbərliyi tərəfindən müharibə və əmək əlillərinə göstərilən xüsusi diqqtədən söz açmışdır. 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şəraitin yaradıldığını qeyd edən Q.Əsədova həmçinin, Komitə tərəfindən Respublikamızda həyata keçirilən uğurlu layihələrdən də söz açmış, bu cür tədbirin keçirilməsinin həm yaşlı nəslin, həm də gənclərin marağına səbəb olduğunu qeyd etmişdir. Komitənin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, daha sonra pansionatın rəhbərliyinə tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmiş, yaşlı nəsil ilə görüşə gəlmiş Azərbaycan Uşaqlarının 3-cü ÜmumRespublika Formunun iştirakçılarının tədbirə çox həvəslə hazırlaşdıqlarını qeyd etmişdir. Komitə tərəfindən hər zaman cəmiyyətin bütün üzvlərinə xüsusi qayğı və diqqətin olduğunu bildirən K.Əliyeva, müasir dövrdə yaşlı nəslin təcrübəsindən faydalanmağın, onlarla ünsiyyət qurmağın gənc nəsil üçün vacib olduğunu söyləmiş, bu səbəblə də Komitənin bu layihəni həyata keçirdiyini vurğulamışdır.
Çıxışlardan sonra 17 noyabr 2014-cü il tarixində keçirilmiş Azərbaycan Uşaqlarının 3-cü ÜmumRespublika Forumunun iştirakçıları yaşlı nəsil qarşısında konsert proqramı ilə çıxış etmişdirlər. Muğam ifasından, pianoda ifadan və rəqslərdən sonra uşaqlar yaşlı nəslin nümayəndələrinin təcrübəsindən faydalanmaq məqsədilə pansionatda yaradılmış guşələrlə tanış olmuşdurlar. Pansionat sakinlərinin əl əməyi ilə hazırlanmış guşələrdə uşaqlar rəsm əsərlərinə, becərilmiş bitkilərə, toxunulmuş və hazırlanmış əl işlərinə, bişirilən milli mətbəx nümunələrinə həvəslə baxmış, onları maraqlandıran sualları yaşlı nəsilə ünvanlamışdırlar.