Ölkəmiz Türkiyə Respublikasında keçirilən 24-cü Beynəlxalq Uşaq Forumunda təmsil olunub
Paylaş:
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə “Bu günü bərabər inşa edək!” şüarı altında paytaxt Ankara şəhərində 24-cü Beynəlxalq Uşaq Forumu keçirilib.
24 ölkədən 60-a yaxın uşağın iştirakı etdiyi Forumda “Bu günü bərabər inşa edək!” şüarı ilə ümumi 4 işçi qrupdan ibarət olan panel müzakirələrdə uşaqların qəraralma mexanizmlərində aktiv iştirakı, təhlükəsiz internet istifadəsi, kommunikasiya bacarıqları və ailə daxili münasibətlərin gücləndirilməsi, təbii fəlakətlər və ətraf mühit mövzularında fikir rmübadiləsi aparılıb.
Forumun bağlanış mərasimində çıxış edən Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş uşaqlara sülh, güvən ve rifah dolu bir dünya saxlamağın vacib olduğunu, hər şeydən öncə uşaqlara təhlükəsiz bir mühit yaratmağın bütün dövlətlərin əsas qayəsi olduğunu bildirib.
Forumun yekunlarına həsr olunmuş 4 işçi qrupun müzakirələrinin nəticələrindən 3-nü Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Mətləb Orucov və Ayan Əhmədova təqdim ediblər.
Forumda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva və Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin koordinatoru Nurlan Cəbrayılzadə, Məclisin üzvləri Mətləb Orucov, Jalə Muradlı, Ayan Əhmədova və Aşurbəy Məmmədzadə iştirak ediblər.
Qeyd edək ki, 24-cü dəfə keçirilən Beynəlxalq Uşaq Forumunun əsas məqsədi beynəlxalq müstəvidə uşaqların iştirakçılıq, özünüinkişaf və dostluq əlaqələrinin gücləndirilməsi və ortaq qərarlar qəbul etmək, fikir yürütmək bacarıqlarını inkişaf etməkdən ibarətdir.