SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun iclası keçirilib

23 noyabr 2023

Paylaş:

20 noyabr 2023-cü il tarixində Azərbaycanın sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Dövlətləri üçün Xüsusi Proqramının (SPECA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun “Gender bərabərliyi: SPECA regionunda qlobal bağlantı və transformativ inkişaf üçün katalizator” mövzusunda iclası keçirilib.

İclasa sədrlik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqində qonaqları salamlayaraq, BMT-nin Avropa İqtisadi Komissiyasına (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasına (UNESCAP) təşkilatçılığa görə təşəkkürünü bildirib və iclasın işinə uğurlar arzulayıb. Sədr SPECA regionunda gender bərabərliyi sahəsində, xüsusilə də qadınların iqtisadi imkanlarının genişləndirilməsində əlaqələndirici şəbəkənin yaradılmasının əhəmiyyətli dərəcədə təkan verə biləcəyini vurğulayıb.

BMT-nin Qadınlar, Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Gulden Turkoz-Koslet görüşün əhəmiyyətini vurğulayaraq, SPECA ölkələrində gender bərabərliyi sahəsində irəliləyişi təşviq etmək üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Daha sonra BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitriy Mariyasin və BMT-nin Asiya və Sakit Okean üzrə iqtisadi və sosial Komissiyasının icraçı katibinin müavini xanım Lin Yangın video-müraciətləri nümayiş etdirilib.

İclasda iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezidenti xanım Alessandra Rokkasalvo qadınların iqtisadi gücləndirilməsi və iqtisadi həyatda bərabər iştirakı üçün sistemli maneələr baxımından fikirlərini səsləndirib.

İlk sessiya çərçivəsində innovasiya sahəsində rəqəmsal uçurumun aradan qaldırılması və gender bərabərliyi üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində SPECA ölkələrində (Azərbaycan, Qazaxıstan, Tacikistan,Türkmənistan, Özbəkistan) görülən işlər və gələcək siyasi təşəbbüslər haqqında məruzələr dinlənilib.

Daha sonra BMT AİK-nın Proqramların idarəetmə departamentin işçisi Şreya Kumra "SPECA regionunda strateji proqnozlaşdırmaya giriş" mövzusunda təqdimatla çıxış edib.

İkinci sessiya BMT AİK-nın nümayəndəsi xanım Hillary Mörfinin moderatorluğu ilə davam edib. Sessiya çərçivəsində BMT-nin, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və özəl sektor kimi müxtəlif agentliklərin ekspertləri çıxış etdikdən sonra açıq diskussiya keçirilib.

Müzakirələr zamanı “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova kiçik və orta sahibkarlığın inkişafında qadınlar üçün təşəbbüslər və qadın sahibkarlığının təşviqi sahəsində mövcud problemlərdən və mümkün həlli yolları barədə öz təcrübəsindən danışıb.

Tədbirdə beynəlxalq təşkilatlarla yanaşı, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak edib.