3 Dekabr – Beynəlxalq Əlillər Günüdür
Paylaş:
Dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini xüsusi qayğıya ehtiyacı və əlilliyi olan uşaq və böyüklərin reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara cəmiyyətdə bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Komitə tərəfindən həmin uşaqların re-inteqrasiyası və ünsiyyətini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. 3 dekabr tarixi dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır. Bu gün münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 3 dekabr ayında sağlamlıq imkanları məhdud olan uşaqlara mənəvi yardım göstərmək, onlara bayram əhval ruhiyyəsi bəxş etmək məqsədilə Bakının Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin uşaqları və Qaradağ rayonu ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının müavini xanım Təranə İsmayılova, AQUPDK-nın əməkdaşı Nurlana Qaraxanova, “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin sədri Validə Abbasova və digər dövlət orqanlarının nümayəndələri iştirak etmişdir. Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının müavini xanım T.İsmayılova, AQUPDK-nın Uşaq şöbəsinin müdiri C.Bağırova və iştirak edən rəsmi qonaqlar giriş sözü ilə açaraq qeyd etdilər ki, tədbirin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara mənəvi yardım göstərmək, bayram əhval-ruhiyyəsi bəxş etmək və ictimaiyyətin diqqətini onlara yönəltməkdir. Bundan sonra bayramda iştirak edən uşaqlar üçün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş “İllyuziya və Kürəciklər Şou” tamaşası nümayiş olunmuşdur. Tədbirin yekunu olaraq “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin uşaqları tərəfindən “Qıtqılıda”, “Can bala” və “Arşın mal alan” rəqs nömrələrinin nümayişi nümayişi təqdim edilmişdir.