Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova könüllülərlə görüşüb

30 noyabr 2023

Paylaş:

30 noyabr 2023-cü il tarixində keçirilən görüşdə Xarici İşlər Nazirliyinin diplomatiya könüllüləri, Qoşulmama Hərəkatının Gənclər Təşkilatlarının, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllüləri iştirak edib.

Qeyd edilib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda 20-21 noyabr tarixlərində keçirilən “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” üzrə konfransa ölkəmiz uğurla ev sahibliyi etdi. Bu mötəbər tədbirə hazırlıq prosesində, qonaqların müşayiət olunmasında, tədbirin gedişatında könüllülərin istər operativ fəaliyyəti, istərsə də digər məsələlərə intellektual yanaşmaları olduqca təqdirəlayiqdir.

Açılış nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova bildirib ki, ölkəmizin ictimai-siyasi gündəmi həm regionda, həm də dünyada gedən prosesləri bütün istiqamətləri ilə əhatə edir. Bu gün Azərbaycan dünya ölkələri içərisində getdikcə daha çox tanınır, dünya xalqlarını narahat edən məsələləri gündəmə gətirir, beynəlxalq miqyasda öz yerini və rolunu daha da möhkələndirir.

Azərbaycan gəncliyini gələcəyin əsas aparıcı qüvvəsi kimi görən Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün zəngin irs qoyduğunu deyən B.Muradova, bugünki Azərbaycanın Ümummilli liderin əsəri olduğunu dilə gətirib. Qeyd edib ki, Heydər Əliyev ömrü boyu Azərbaycan xalqının rifahı və mənafeyi üçün çalışıb və bu gün əldə edilən bütün uğurlarda, nailiyyətlərdə onun nümunəsini görür və hiss edirik.

B.Muradova qeyd edib ki, onun varisi kimi cənab İlham Əliyev bütün istiqamətlərdə ölkə Prezidenti və Müzəffər Ali Baş Komandan olaraq bu siyasəti yerinə yetirir və Azərbaycan xalqının ən müxtəlif təbəqələri onu daim dəstəkləyir.

“Azərbaycan öz gücü ilə ən ağrılı problemini həll etməklə əsrin qəhrəman ölkəsi və qəhrəman xalqı sayılır” - deyən B.Muradova bildirib ki, Azərbaycan bu təcrübəsi ilə dünyanın müxtəlif ölkələrində mövcud olan belə münaqişələrin həlli üçün bir yol xəritəsi müəyyən etmişdir. Belə bir ölkənin vətəndaşı olmaq, ona xidmət etmək və onun inkişafı üçün çalışmaq qürurvericidir.

Çıxışının davamında Komitə sədri könüllülərə müraciət edərək deyib ki, könüllülük hərəkatına qatılmaqla siz həyatınızın ən ciddi addımını atmısınız. Əlavə edib ki, dünyanı dərk etmək, beynəlxalq prosesləri izləmək və inkişaf istiqamətlərini öyrənmək, eyni zamanda öz ölkəsində bununla bağlı proseslərə töhfə vermək baxımından diplomatiya sahəsinə bələd olmaq çox vacibdir.

Qoşulmama Hərəkatının tarixində ilk dəfə qadın hüquqları mövzusunda yüksək səviyyəli konfransın keçirildiyini xatırladan B.Muradova, könüllülərin də bu konfransın baş tutmasında böyük rolu olduğunu, tapşırılan işin öhdəsindən layiqincə gəldiklərini söyləyib.

Daha sonra Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin attaşesi, diplomatiya könüllülərinin koordinatoru Nigar Eyvazzadə keçirilən konfransı qadın iştirakçılığının artırılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi baxımından yüksək qiymətləndirib. Özünün də vaxtilə könüllülük fəaliyyətinə diqqət çəkən N. Eyvazzadə konfransda könüllü kimi fəaliyyətin dəyərli olduğunu və gələcək fəaliyyətə mühüm töhfələr verdiyini bildirib.

Xüsusilə də Qadın platformasının yaradılması istiqamətində həyata keçiriləcək fəaliyyətin tərkib hissəsi olmağın könüllülər üçün qürurlu olduğunu vurğulayıb.

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının insan resursları üzrə meneceri, könüllülərin koordinatoru Dilbər Şirinova da könüllülük məktəbini gənclər üçün gələcəyə doğru atılmış mühüm addım kimi dəyərləndirərək, bütün könüllülərə aktiv fəaliyyətinə görə təşəkkürünü bildirib.

Könüllülər adından çıxış edən gənc könüllülər Zöhrə Bayramova, Elnur Mansırov və Ayana Şükürova konfransın həm də müxtəlif sahələrdə könüllülük fəaliyyəti həyata keçirən gənclər arasında kommunikasiya və əməkdaşlıq əlaqələrinin qurulmasına vəsilə olduğunu qeyd ediblər.

Çıxışlardan sonra könüllülərə verdikləri töhfələrə görə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Yekunda ailə fotosu çəkilib.