“Sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində və Milli Konservatoriya nəzdində Musiqi Kollecində “Sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda görüşlər baş tutub.
Tədbirlərdə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Ləman Mahmudova iştirakçılara reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirilmə istiqamətindı Komitə tərəfindən görülən işlər, reproduktiv sağlamlığın mahiyyəti və bu mövzuda gənclərin məlumatlı olmasının zərurətindən danışıb.
Daha sonra ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova tələbə qızlara reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsullarından bəhs edib.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici materiallar paylanılıb.