“Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfrans panel sessiyalarla davam edib

21 noyabr 2023

Paylaş:

21 noyabr 2023-cü il tarixində Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransının panel sessiyaları başlayıb.

Tədbiri açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məhsuldar keçən Konfransın ən böyük uğurunun Bakı Bəyannaməsinin yekdilliklə qəbul edilməsi olduğunu vurğulayıb.

Konfransda aparılan müzakirələrdə iştirak edən bütün nümayəndə heyətlərinə dəyərli fikirlərinə görə təşəkkür edən Komitə sədri, Hərəkata üzv ölkələrin birgə tərəfdaşlar kimi qadın hüquqlarının inkişafı və qadın iştirakçılığının artırılması sahəsində qarşıya qoyulan məqsədlərə nail olacağına inamını ifadə edib.

Açılış nitqini yekunlaşdıran B.Muradova, sözü QH-nın Parlament Şəbəkəsinin və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya verib.

Parlament sədri ölkəmizdə qadın hüquqlarının hər zaman diqqətdə saxlanıldığını, qadın iştirakçılığı sahəsində böyük yol qət edildiyini söyləyib və bu gün də dövlət siyasətində prioritet istiqamət olduğunu diqqətə çatdırıb. 2019-cu ildən QH-yə sədrlik edən Azərbaycanın öz öhdəliklərini ən yüksək səviyyədə sərgilədiyini bildirən S.Qafarova, Hərəkatın Parlament Şəbəkəsinin önəminə diqqət çəkib.

Daha sonra panel sessiya işinə başlayıb.

Hazırda panellərdə "Qadınlar: Parlaq gələcəyə aparan yolda" və "Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və yenidən canlandırılmasında qadınların səlahiyyətlərinin artırılması" mövzuları üzrə müzakirə aparılır.