“Uşaqdan-uşağa” layihəsi çərçivəsində “RoboCoder” təlim layihəsinə start verilib

7 noyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “RoboCoder” təlim layihəsinə start verilib.

Layihənin məqsədi məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, onlara proqramlaşdırma dilləri haqqında ilkin məlumatların təqdim edilməsi və nəticədə uşaqların rəqəmsal dünya, informatika sahəsinə olan marağının artırılmasıdır.

İlk təlim  6 noyabr 2023-cü il tarixində Komitənin “Uşaq Səfirlər Məclisinin ümumi təhsil  müəssisələri üzrə yerli nümayəndəlikləri” layihəsinin iştirakçısı olan S. C. Pişəvəri adına Respublika humanitar fənnlər gimnaziyasında, öncədən qeydiyyatdan keçmiş 25 uşağın  iştirakı ilə baş tutub.

Uşaq Səfirlər Məclisinin İKT departamentinin üzvləri Nəzrin Bayramlı və Rüfət Əzizzadə tərəfindən Vlll, lX və X siniflərdə təhsil alan, proqramlaşdırma sahəsi ilə maraqlanan, eyni zamanda təhsilini bu istiqamətdə davam etdirmək istəyən məktəblilər üçün  6 həftə boyunca, həftədə 2 dəfə olaqla mütəmadi təlimlərin təşkil edilməsi nəzərdə tutulub.

İştirakçılar  təlim müddətində proqramlaşdırma sahəsində müxtəlif mövzular üzrə nəzəri biliklər, alqoritmik məsələlərin həlli, eyni zamanda praktik bacarıqlara yiyələnirlər.

6 həftəlik təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatlarla təltif olunacaqlar.