Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib, o cümlədən rəsm üzrə ustad dərsləri, sərgilər, muzeylərə ekskursiyalar təşkil edilib, Şəhidlər Xiyabanları, şəhid ailələri və müharibə iştirakçılarının ailələri ziyarət edilib.
Görüşlərdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, mərkəzlərin və müvafiq qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri və benefisiarları, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, məktəblilər, tələbələr, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirlərdə qeyd olunub ki, dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan Zəfər Günü hər birimiz üçün böyük qürur mənbəyi, Azərbaycanın gücünün və qüdrətinin rəmzidir və tariximizdə əbədi qalacaq. Sonra Vətən müharibəsi iştirakçıları döyüş xatirələrini bölüşüblər. Bildiriblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli strategiyası, vətən sevgisi onları daim irəliyə, qələbəyə doğru getməyə vadar edib.
Məktəblilər və mərkəzlərin benefisiarları tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış rəqs, ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Şəhid ailələri və müharibə iştirakçılarının ailələrinə səfərlər zamanı onların qayğıları ilə maraqlanılıb, yaşlı, tənha şəhid atasının ev və təsərrüfat işlərində köməklik göstərilib, Zəfər Günü münasibətilə ailələrə mərkəzlər tərəfindən xatirə hədiyyələri təqdim edilib.