“Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

3 noyabr 2023

Paylaş:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə Gəncə və Naftalan şəhəri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə 14-18 yaş qruplarından olan uşaqlar arasında növbəti müsabiqə təşkil edib.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş  müsabiqə uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, intellektual inkişafının stimullaşdırılması, sərbəst düşünmə və problem həlletmə qabiliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyır.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva iştirakçıları salamlayıb. O, Bakı şəhərində baş tutmuş eyniadlı tədbirdə uşaqların fəallığına diqqət çəkərək, regionlardakı uşaqların fəallığının artırılması və istedadlı uşaqların ictimaiyyətə təqdim edilməsinin əhəmiyyətini qeyd edib.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlova uşaqları təbrik edərək, bu cür təşəbbüslərin davamlı olmasını arzu edib.  

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova tərəfindən layihə müsabiqəsinə dair xronologiyanı özündə əks etdirən təqdimat göstərilib.

Qeyd edək ki, “Zəfərə Aparan İdeya” layihə müsabiqəsinə, ümumilikdə 100-ə yaxın iş qəbul edilib. Onlardan 3-ü əsas iş hesab olunaraq ilk üçlüyə daxil edilib, 7-si isə, həvəsləndirici hədiyyə və diplomla təltif edilib.

Tədbir bədii hissə ilə yekunlaşıb. 

Mükafatlandırma mərasimindən sonra ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, yeniyetmələrin diqqətinə çatdırmaq məqsədilə, qalib olan uşaqlarla bərabər Gəncə şəhər Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirilib.