Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
Paylaş:
26 oktyabr 2023-cü il tarixində keçirilən qəbulda Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın və AQUPDK-nın aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə baş tutan qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən alimentin ödənilməsi, vəkillə təmin olunma, atalıq məsuliyyətinin yerinə yetirilməməsi, işlə təmin olunma, uşaqla ünsiyyət, məişət zorakılığı, uşaqların himayəyə verilməsi, müalicəsi, təhsilinə dəstək və digər məsələlərlə bağlı olub.
Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.