Sabah Azərbaycan Qadınlarının VI Qurultayı işə başlayacaq
Paylaş:
19 oktyabr 2023-cü il tarixində Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadın bir araya gələcək. Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutacaq.
Qurultay Böyük Qayıdış, qadın hüquqlarının həyata keçirilməsi, sosial-iqtisadi islahatların gender aspekti və gender məsələləri ilə bağlı müasir tendensiyalar mövzuları üzrə 4 panel müzakirə ilə keçiriləcək və bütün gün ərzində davam edəcək.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar. Yekunda müzakirə və təkliflər əsasında Qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
Qeyd edək ki, müxtəlif illərdə keçirilən Azərbaycan Qadınlarının Qurultayları və Forumları ölkədə qadın hərəkatının fəallaşmasına səbəb olub, qadın hüquqlarının təmin olunması ilə bağlı fikir və təkliflərin səsləndirilməsi istiqamətində geniş platforma rolunu oynayır.