Komitədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
Paylaş:
25 sentyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladanka Andreeva ilə görüşüb.
Qonaqları salamlayan Komitə sədri Bahar Muradova görüş təklifinə görə təşəkkürünü bildirib.
Azərbaycanın çox vacib və önəmli dönəmini yaşadığını bildirən B. Muradova, münaqişənin 30 ildən artıq tarixində tamamilə yeni bir vəziyyətin müşahidə olunduğunu söyləyib: “Bu vəziyyət Azərbaycanın bu illər ərzində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ilk növbədə öz hüquqları pozulmuş vətəndaşlarının, ev eşiyindən didərgin düşmüş ailələrin, yaxınlarını, doğmalarını itirmiş qadınların, bütün hüquqları pozulmuş uşaqların məsələləri və onların qarşısındakı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir mövqe nümayişi üçün gözəl imkan oldu. Həm də göstərdi ki, Azərbaycan təkcə öz ölkəsi, xalqı və yerləşdiyi regionun maraqları üçün deyil, beynəlxalq birliyin vicdanlı və məsuliyyətli üzvü kimi bütün dünyadakı mövcud ictimai-siyasi mühitə töhfə verən bir ölkədir”.
BMT-nin müvafiq qurumlarının, o cümlədən Azərbaycanda olan nümayəndəliyinin bu proseslərin həm müşahidəçisi, həm də yaxından iştirakçısı kimi verdiyi töhfəni qiymətləndirən B. Muradova, bugünkü görüşün qarşıdan gələn məişət zorakılığına qarşı mübarizə aylığına hazırlıq məqsədi daşıdığını bildirib.
Bu illər ərzində birgə əməkdaşlıq nəticəsində bir sıra tədbirlərin reallaşdırıldığını qeyd edən sədr, qarşıda bu prosesin davam edəcəyini bildirib. O əlavə edib ki, məişət zorakılığı ilə mübarizədə iştirak edən bütün tərəflərin imkanlarını bir araya gətirməklə bu aylığı yüksək səviyyədə qeyd etməyə hazırlaşırıq, KİV, qeyri-hökumət təşkilatları, Komitə yanında İctimai Şuranın da təşəbbüsləri ilə hərtərəfli bu prosesi diqqətdə saxlamağa və əlaqələndirilmiş fəaliyyət sərgiləməyə çalışırıq.
Oktyabrın 19-da Azərbaycan qadınlarının VI Qurultayının keçiriləcəyini diqqətə çatdıran Komitə sədri əlavə edib ki, Qurultayda qadın hüquqları və onların inkişafı, gücləndirilməsi, eləcə də məişət zorakılığı ilə mübarizə mövzuları müzakirə ediləcək, xarici ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsi imkanı olacaq. Sədr əlavə edib ki, dekabr ayında ikinci böyük tədbir - “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda Konfrans baş tutacaq və geniş tərkibdə beynəlxalq həmkarlar iştirak edəcək. Çıxışının sonunda bu il məişət zorakılığı ilə mübarizə proqramının başa çatdığını və 3 il ərzində görülən işlər sayəsində həm ictimaiyyətin məlumatlandırıldığını, həm də təcrübə mübadiləsi aparıldığını bildirib.
Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Vladanka Andreeva BMT-nin Azərbaycanla uzun illərdən bəri formalaşmış əlaqələrinə istinad edərək birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
O, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerlərdə olan ehtiyacları və yerli şəraiti nəzərə alaraq qadınların və qızların səlahiyyətləndirilməsi, hüquqlarının gücləndirilməsi sahəsində layihələrin hazırlanmasının vacibiyini vurğulayıb.
Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu vurğulayan qonaq, gələcək əməkdaşlığın inkişaf perspektivlərindən söz açıb.
Tərəflər “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” kampaniyası çərçivəsində görüləcək işləri müzakirə ediblər, həmçinin həyata keçirilən layihələrin davamlılığının təmin olunması və daha da genişləndirilməsi üçün fikir mübadiləsi aparıblar.
Görüşdə BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin rəhbəri Kanako Mabuçi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.