Komitədə Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş keçirildi
Paylaş:
18 sentyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaxın Qonşuluq, Dostluq və Əməkdaşlıq Komitəsinin sədr müavini Tsuy Lin ilə görüşüb.
Qonaqları salamlayan Bahar Muradova Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasındakı əlaqələrdən bəhs edib. O, Azərbaycanla son 5 ildə intensivləşən tədbirlər çərçivəsində bir sıra yüksək səviyyəli beynəlxalq görüşlərin keçirildiyini, əlaqələrin daha da gücləndiyini qeyd edib: “Şanxay Əməkdaşlıq Təşkilatının regionda rolu getdikcə artmaqdadır və Azərbaycan bunu lazımınca dəyərləndirir”.
Daha sonra sədr müxtəlif təbəqələrdən olan insanların maraqlarının qorunması, onların dövlətin yaratdığı imkanlardan bərabər bəhrələnməsi və bütün hüquqlarının təmin olunması işində əlaqələndirici qurum olan Komitənin Təşkilatla mümkün tərəfdaşlıq layihələrindən bəhs edib: “Dövlət Komitəsi olaraq, iqtisadi dəyər yaratmasaq da, bütün vətəndaşların əldə olunmuş inkişafdan bərabər yararlanması işinə töhfə verməyə çalışırıq”. O qeyd edib ki, ailə, qadın və uşaq hüquqlarının təmin olunması, bu sahədə olan məsələlərin beynəlxalq standartlara uyğunlaşdırılması və bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da rast gəlinən problemlərin aradan qaldırılması üçün həm hökumət və cəmiyyət, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsində tədbirlər görülür.
Komitə sədri, Pekin Konfransından keçən qısa müddət ərzində Azərbaycanın böyük bir yol qət etdiyini, Ulu öndər Heydər Əliyevin gender siyasəti və qadın hərəkatında xidmətlərini qeyd edib. Bahar Muradova, “Ümumilikdə ölkəmizdə 5 qadın qurultayının keçirildiyini bildirib və oktyabrın 19-da keçiriləcək 6-cı qurultayda müstəqilliyin verdiyi imkanlardan danışacaq, həm də Pekindən başlayan yolun hansı mərhələsinə gəldiyimizi görə biləcəyik” deyə əlavə edib.
Komitə sədri qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə qələbə əldə etdikdən sonra qarşımızda insanların doğma torpaqlara qaytarılması, həmin ərazilərin minalardan təmizlənməsi kimi bir vəzifə durur və biz bu ərazilərə həyatı qaytarmalı, insanların öz evində təhlükəsiz yaşamaq hüququnu bərpa etməliyik.
Çıxışının sonunda B. Muradova müvafiq istiqamətlərdə, eləcə də bölgədə və regionda sülh, təhlükəsizlik, əmin-amanlığın bərpa olunması məqsədilə yeni əməkdaşlıqlara hazır olduğunu söyləyib. Bu məsələdə Şanxay əməkdaşlıq təşkilatına və digər beynəlxalq qurumlara daxil olan ölkələrin, o cümlədən bu təşkilatın fəaliyyətində öz xüsusi yeri olan Çin Xalq Respublikasına davamlı dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, bu dəstək, sizin ədalətin və beynəlxalq hüququn yanında olmanızın sübutudur.
Səmimi qəbula görə təşəkkürünü bildirən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yaxın Qonşuluq, Dostluq və Əməkdaşlıq Komitəsinin sədr müavini Tsuy Lin bildirib ki, ikitərəfli əlaqələr, həmçinin Səmərqənddə baş tutan görüşdə hər iki dövlət arasında gəlinmiş razılıq və ölkə başçılarının dialoqu göstərir ki, bu münasibətlər gələcəkdəki inkişaf üçün güclü təkan verəcək.
Tsuy Lin Şanxay Əməkdaşlıq Təşkilatı nəzdində bir sıra sahələrin - iqtisadiyyat, səhiyyə, təhsil, həmçinin ailə, qadın və uşaq məsələlərinin inkişafı və onlara göstərilən qayğının fəaliyyətlərində geniş yer tutduğunu diqqətə çatdırıb. Qonaq qadınların inkişafı, həmçinin qız uşaqlarının təhsilinə dair bir sıra müsbət statistik göstəriciləri diqqətə çatdırıb.
Azərbaycanda bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu bildirən sədr müavini əlavə edib ki, sadalanan mövzular çərçivəsində daha geniş ünsiyyət yaradaraq bu sahədə bir-birimizə daha çox töhfə verə bilərik.
Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Guo Min və hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.