Tərtərdə vətəndaş qəbulu keçirilib

13 sentyabr 2023

Paylaş:

13 sentyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Tərtər rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən uşaqların təhsili, işlə təmin olunma, uşaqla ünsiyyət, əlilliyin təyin olunması, müalicəyə köməkliyin göstərilməsi və digər məsələlərlə bağlı olub.

Komitənin aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.