Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində təlimlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Saatlı, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) “Sosial işin təşkili” və "Ailə və uşaqlarla psixososial iş" mövzularında təlimlər keçirilib.
"Ailə və uşaqlarla psixososial iş" mövzusunda təlim psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova, “Sosial işin təşkili” mövzusunda təlim isə sosial iş və uşaq inkişafı üzrə mütəxəssis Züleyxa Nəcəfova tərəfindən keçirilib.
Təlimlərdə Komitənin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala UADM-lərinin əməkdaşları, məktəb psixoloqları, uşaq inkişafı üzrə mütəxəssislər, tələbələr və könüllülər iştirak ediblər.
İştirakçılara sosial işin icmalarda daha yaxşı təşkil edilməsi, keys menecment, uşaq və ailələrin qiymətləndirilməsi, aidiyyəti qurumlarla işin koordinasiyası, sosial işçilərin etik davranış qaydaları, böhran yaşayan ailələrin, eləcə də usaqların sosial-psixoloji xüsusiyyətləri və problemləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlara psixoloji dəstəyin göstərilməsi, korreksiyaedici iş metodları ilə tanışlıq, sosial işçinin zərərcəkənlərlə işləyərkən peşəkar bacarıqları, münaqişələrin həlli və sağlam münasibətlərin inkişafına psixoloji təsir üsulları barədə geniş məlumat verilib.
Şüvəlan UADM-də baş tutan təlimin sonuncu günündə Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edib. Belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayan C.Rəhmətullayeva sosial işçilərin peşəkar fəaliyyəti üçün vacib olan kriteriyalar barədə danışaraq, sosial işdə fərdi halların idarə olunmasında diqqət yetirməli olan vacib məqamları vurğulayıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkilib.
Təlimlərdən ümumilikdə 120 nəfər faydalanıb.