Komitə sədri Qaxda vətəndaşlarla görüşüb

7 iyul 2023

Paylaş:

7 iyul 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Qax rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qax rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax, Zaqatala, Balakən rayonundan və Şəki şəhərindən olan sakinlər iştirak ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən uşaqların himayəyə verilməsi, müalicəsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, müraciət edənlərin bəziləri Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloji xidmətinə cəlb olunacaq.

Görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.