Qobustan rayonunda “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir

4 may 2015

Paylaş:

Tədbiri giriş sözü ilə Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva açaraq tədbir iştirakçılarını salamlamış, çıxışında erkən nikah hallarının fəsadlarından söz açaraq  bu  istiqamətində  tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Respublikamızda uğurla həyata keçirilən dövlət ailə siyasətindən, Komitənin bu istiqamətdə həyata keçirtdiyi müxtəlif tədbirlər haqqında tədbir iştirakçılarına məlumat vermiş, dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin vacibliyini  vurğulamışdır.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov çıxış edərək, Respublikamızda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər, qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar barədə “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı təqdimatından göstərmişdir.

Qobustan rayon Mərkəzi Xəstəxanasının həkimi, mama-ginekoloq Kifayət Rzayeva öz çıxışında erkən yaşda nikaha daxil olan qızların üzləşdiyi  fizioloji problemlər haqqında məlumat vermişdir.

Qobustan rayon Qeydiyyat şöbəsinin müdiri Ürfilə Seyidəhmədli erkən nikah nəticəsində dünyaya gəlmiş körpələrin sağlamlığında yarandığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən bəhs etmiş, bütün insanları xüsusi ilə valideynləri məlumatlı olmağa və  bu istiqamətdə maarifləndirilməyin  vacibliyindən danışmışdır.

Qobustan rayon Heydər Məscidinin axundu Çingiz Babaşov ailə dəyərlərinə, yaşlılara hörmət  və qayğıya Qurani Kərimdə xüsusi yer verildiyini söyləmiş və erkən nikahın dinə zidd olan bir əməl kimi qarşılandığını vurğulamışdır.

 Qobustan şəhər 1 saylı tam orta məktəbin müəllimi Aypara Qayıbova və Qobustan şəhər 2 saylı tam orta məktəbin müəllimi Aytac Rəcəbova bütün insanları xüsusi ilə valideynləri məlumatlı olmağa və bu istiqamətdə maariflənmə işlərinin davam etdirilməsinə ehtiyac olduğunu bildirmişlər.

Çıxışlardan sonra tədbirdə iştirak edən rayon Daxili İşlər, Təhsil şöbələrinin nümayəndələri, ağsaqqal, ağbirçəklər  və gənclərlə müzakirələr aparılmış, müvafiq təkliflər dinlənilmişdir.

Tədbir iştirakçılar arasında maarifləndirmə vəsaitləri və “Azərbaycan ailəsi” film festivalında iştirak etmiş “Erkən nikah” və “Həyat pilləkəni” adlı filmlər disk şəklində paylanımışdır.